Corciya hakimi ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı 2020-ci il prezident seçkilərinə müdaxilə ittihamını təsdiq edərək, keçmiş ABŞ liderinin hərəkətlərinin ABŞ Konstitusiyasında söz azadlığının qorunmasına zəmanət verən Birinci Düzəlişinə dair arqumenti rədd edib.

İqtisadiyyat.az xəbər verir ki, bu qərar hakim Scott McAfee tərəfindən verilib.

O müəyyən edib ki, Trampın davranışı siyasi nitq anlayışına uyğun deyil: "Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin ifadələri və çıxışları cinayət fəaliyyətini təşviq etmək üçün edilib və bilərəkdən və bilməyərəkdən yalan ifadələr təşkil edir".

Keçmiş prezident saxtakarlıq və vəzifəli şəxsi öz andını pozmağa sövq etməyə cəhd, habelə mütəşəkkil cinayətkar qruplarla mübarizə üçün nəzərdə tutulmuş RICO Aktını pozmaq da daxil olmaqla 11 ittihamla üzləşir.

İttihamnamədə Trampın cinayətkar qruplaşmanın tərkibində 2020-ci il prezident seçkilərinin nəticələrinə yenidən baxılması üçün səy göstərdiyi iddia edilir. Prokurorluğun məlumatına görə, bu qrup Corciyada, eləcə də digər ştatlarda - Arizona, Miçiqan, Nyu-Meksiko, Viskonsin və Kolumbiya dairəsində fəaliyyət göstərib. Ümumilikdə 41 maddə üzrə 19 nəfərə qarşı ittiham irəli sürülüb. Corciya məhkəməsində Trampa qarşı mahiyyəti üzrə məhkəmə prosesi 2023-cü ilin oktyabrına təyin edilmişdi, lakin sonra qeyri-müəyyən müddətə təxirə salındı.