Moskva Arbitraj Məhkəməsi “Otkritie Bank”ın iddiası əsasında “Goldman Sachs Group”un Rusiya aktivlərinə və “Goldman Sachs III SICAV” fonduna həbs qoyub. Məhkəmənin materiallarından məlum olur ki, həbs “Goldman Sachs” bank fonduna aid olan “Sberbank”, “Qazprom”, “VTB”, “Aeroflot”un qiymətli kağızları üzərində aparılıb.

İqtisadiyyat.az xəbər verir ki, həbs “Sberbank”ın 1,2 milyon, “Aeroflot”un 750 min, “Qazprom”un 790 min, VTB-nin 550 min səhminə qoyulub.

Otkritie Bank şirkətlərdən 614,7 milyon rubl məbləğində borcun qaytarılmasını tələb edib. İddiaçı bildirib ki, “Goldman Sachs Group” Beynəlxalq Swaplar və Derivativlər Assosiasiyasının (ISDA) müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdən imtina edib və bunu banka ABŞ və Böyük Britaniyanın sanksiyaları ilə izah edib.
Bildirilir ki, indiyədək məhkəmə “Otkritie”nin yalnız iki iddiasını təmin edib, “Detski Mir”dəki bankın 5 faizlik səhminə və bank fonduna məxsus Rusiya şirkətlərinin səhmlərinə həbs qoyub.