Şənbə günü səhər tezdən ABŞ-nin Florida ştatının Mayami şəhəri ətrafında məşhur ticarət mərkəzindəki barda atışma baş verib və nəticədə iki nəfər ölüb, 7 nəfər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, şənbə günü səhər saat 3:30 radələrində "CityPlace Doral" kompleksində martini barında mübahisə baş verib və hadisəyə mühafizəçi müdaxilə edib. Mübahisə edən şəxs silahını çıxararaq asayiş keşikçisini vuraraq öldürüb.

Hadisə yerinə gələn polis atəş açdığı iddia edilən şəxsi güllələyərək öldürüb, lakin bundan əvvəl atışma zamanı bir polis əməkdaşı və ətrafdakı altı nəfər yaralanıb.

Florida hüquq-mühafizə orqanları yerli polisin güc tətbiq etməsini araşdırır.

"Kimin güllələndiyini söyləmək hələ tezdir, lakin biz bu hadisəni fəal şəkildə araşdırırıq", - hüquq-mühafizə orqanlarının nümayəndəsi mətbuat konfransı zamanı bildirib.