Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı İsrailin hərbi əməliyyatı nəticəsində Qəzza zolağında dinc əhali arasında itkilərin sayını qəbuledilməz adlandırıb və buna son qoymağa çağırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yelisey sarayından məlumat verilib.

"Fransa prezidenti son nəticədə bütün mülki əhalinin müdafiəsini və kütləvi təcili yardım axınını təmin edəcək atəşkəs razılaşmasının təcili bağlanmasının zəruriliyini vurğulayıb. İtkilərin sayı və humanitar vəziyyət qəbuledilməzdir və İsrailin əməliyyatları dayandırılmalıdır", - Yelisey Sarayından bildiriblər.

Makron İsrailin Rəfahdakı hərbi əməliyyatı ilə bağlı bildirib ki, buna razı deyil. Onun fikrincə, belə bir əməliyyat yeni miqyasda humanitar fəlakətə, eləcə də beynəlxalq hüquqa zidd olaraq əhalinin məcburi köçürülməsinə gətirib çıxaracaq ki, bu da regional eskalasiya üçün əlavə risk yaradacaq.