"Serbiya vasitəsilə Macarıstana və digər Avropa İttifaqı (Aİ) ölkələrinə daxil olmağa çalışan qeyri-qanuni miqrantlar arasında "Əl-Qaidə" və “İŞİD də daxil olmaqla terror qruplarının yaraqlıları ola bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə briqada generalı Zoltan Andraş Kovaçın rəhbərlik etdiyi Macarıstanın kəşfiyyat xidməti Milli İnformasiya Mərkəzinin hazırladığı terrorizmlə qeyri-qanuni miqrasiya arasında əlaqə haqqında hesabatda deyilir.

Oktyabrın 25-də Kovaç tərəfindən imzalanan 10 səhifəlik sənəd hakim Fides partiyası - Macarıstan Vətəndaş İttifaqının təşəbbüsü ilə ölkə parlamentinin saytında yerləşdirilib. Hesabat məxfilikdən çıxarılsa da, dərc olunarkən onun bəzi hissələri kəsilib. Fides parlament fraksiyasının lideri Mate Koçiş bildirib ki, araşdırma Asiya və Yaxın Şərqdən qeyri-qanuni mühacir axınına səbəb olan "Brüsselin məsuliyyətsiz miqrasiya siyasətinin Avropanın təhlükəsizliyinə nə qədər təhlükə yaratdığını" açıq şəkildə göstərir. Gələnlər arasında terror təşkilatlarının üzvləri ola bilər.

Hesabatda qeyd edilir: "Qərbi Balkanlar vasitəsilə Macarıstana insan qaçaqmalçılığı marşrutları terrorçu qruplar tərəfindən istifadə oluna bilər".

Macarıstanda ötən il 275 minə yaxın ölkəyə qanunsuz daxil olmaq cəhdi qeydə alınıb. Bu, əsasən Serbiya ilə sərhəddə baş verir. Sərhəd boyunca tikanlı məftillərlə üç metrlik hasar quraşdırılıb.

"İŞİD və "Əl-Qaidə" təşkilatları HƏMAS liderinin 10 oktyabr 2023-cü il tarixli terror aktlarına çağırış bəyanatına qoşulublar. Avropa hədəflərinə terror hücumları barədə getdikcə daha çox məlumat daxil olur", - deyə hesabat müəllifləri qeyd ediblər.

Macarıstan kəşfiyyatının məlumatlarını şərh edən Koçiş terrorizmə qarşı fəal mübarizənin davam etdirilməsinin və eyni zamanda Macarıstanın dövlət sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini bildirib.