"Macarıstan parlamenti İsveç siyasətçiləri ilə iki ölkə arasında ciddi şəkildə zədələnmiş münasibətlərə inamı bərpa edə bilsələr, İsveçin NATO-ya daxil olması ilə bağlı sazişi ratifikasiya edə biləcək". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Monteneqronun Budva şəhərində keçirilən beynəlxalq təhlükəsizlik konfransında çıxış edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto deyib.

Xarici işlər naziri xatırladıb ki, bir tərəfdən İsveç macar deputatlarını Şimali Atlantika Alyansına qoşulmasını təsdiqləməyə çağırır, digər tərəfdən isə onlara demokratiya və qanunun aliliyi prinsiplərini pozduqlarına görə haqsız çağırışlarla müraciət edir: "Bu qəbuledilməzdir, bu təhqiramizdir". 

Eyni zamanda o, əmin olduğunu bildirib ki, əgər İsveç siyasətçiləri ikitərəfli münasibətləri qarşılıqlı hörmət əsasına qaytarmağa hazır olduqlarını göstərsələr, Macarıstan parlamenti ratifikasiyanı sürətləndirə biləcək.