Belarus Prezidenti Aleksandr Lukaşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı və bu ölkə vətəndaşlarını Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100-cü ildönümü münasibətilə təbrik edib, Belarus-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus prezidentinin  mətbuat xidməti məlumat yayıb.

"Minsk Ankaraya etibarlı və perspektivli tərəfdaş kimi baxır. Biz bütün sahələrdə ikitərəfli əməkdaşlığın daha da dinamik və səmərəli inkişafına çalışırıq", - deyə Lukaşenko qeyd edib.

Lukaşenko əmin olduğunu bildirib ki, türk xalqı bu müddət ərzində regional və qlobal problemlərin həllinin fəal iştirakçısı kimi siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə böyük uğurlar qazanmış, beynəlxalq aləmdə güclü nüfuz qazanmış ölkənin 100 illik yubileyini qürurla qeyd edir: "Türkiyə yüz il əvvəl olduğu kimi, dünyaya ənənələrə və dəyişməz dəyərlərə sadiqliyini nümayiş etdirir və milli maraqları qətiyyətlə müdafiə edir".