Liviyada sel təhlükəsi olan ərazilərdə bir il müddətinə fövqəladə vəziyyət elan edilib.

İqtisadiyyat.az xəbər verir ki, Milli Birlik Hökumətinə bağlı Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Heydər əs-Sayih Derna şəhərində kanalizasiya sularının içməli suya qarışması səbəbindən 150 nəfərin zəhərləndiyini açıqlayıb.

Şəhərdəki içməli suyun istehlaka uyğun olmadığını və başqa mənbələrə müraciət etmək lazım olduğunu bildirən Sayih, seldən zərər görən bütün bölgələrdə bir il müddətinə fövqəladə vəziyyət elan etmək qərarına gəldiklərini bildirib.

Qeyd edək ki, sentyabrın 10-da Orta Aralıq dənizində təsirli olan və Liviyanın şərqini vuran "Daniel" fırtınası Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.

Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe sel səbəbiylə 11 sentyabrda ölkə daxilində 3 günlük matəm elan edib və Liviya Prezident Şurası seldən zərər çəkmiş bölgələr üçün qardaş ölkələr və beynəlxalq qurumlardan kömək istəyib.

Liviyanın şərq bölgələrində yağıntının miqdarının son 40 ilin ən yüksək səviyyəsində olduğu bildirilir.