İngiltərə ilə Fransa arasında yerləşən La-Manş boğazında immiqrantların olduğu qayığın batması nəticəsində 6 nəfər həyatını itirib, 50-dən çox insan xəstəxanalara aparılıb.

İqtisadiyyat.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan xəbərə görə, nizamsız miqrantları daşıyan qayıq yerli vaxtla saat 04:00 radələrində Fransanın Cap Gris Nez bölgəsi yaxınlığında batıb.

Britaniya sahil mühafizə gəmiləri axtarış-xilasetmə işləri üçün bölgəyə sövq edilib. Axtarış-xilasetmə işləri Fransa gəmiləri və helikopterləri ilə müştərək aparılıb.

İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb.

Qərargahı Fransada olan mülki xilasedici qayıq təşkilatları biri qadın olmaqla 54 nəfərin xilas edildiyini bildirib.

Xilas edilən immiqrantların bəziləri Fransanın Kale şəhərində, bəziləri isə İngiltərənin Dover şəhərindəki xəstəxanalara köçürülüb.