Kreml Rusiyada prezident seçkiləri öncəsi səfərbərlikdən yayınmağa çalışır.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu məqsədlə Ukraynaya qarşı müharibəyə əcnəbilər cəlb olunur.

İyun ayında Ermənistan və Qazaxıstanda Rusiya ordusunda xidmət üçün onlayn reklamlar müşahidə edilib. Həmin reklam paylaşımlarında əcnəbilərə 495 min rubl birbaşa (5140 dollar) ödəniş və 190 min rubldan (1973 dollar) başlayan maaş təklif edilib.

Bu barədə məlumat Böyük Britaniya kəşfiyyatının son hesabatlarında da yer alıb. 

Qazaxıstanın şimalındakı Kostanay bölgəsində yaşayan etnik ruslar orduya cəlb edilib. Rusiya həmçinin 2023-cü ilin may ayından etibarən Mərkəzi Asiya ölkələrindən olan miqrantlara sürətləndirilmiş vətəndaşlıq proseduru və 4160 dollara maaş vəd edərək orduda işə cəlb edir. 

Kəşfiyyat xatırladıb ki, Mariupolda inşaatda işləyən özbək miqrantların pasportları ölkəyə gəldikdən sonra müsadirə edilib, buna görə də onlar Rusiya ordusuna qoşulmağa məcbur olublar.

Məlumdur ki, Rusiyada Mərkəzi Asiya ölkələrindən olan ən azı 6 milyon miqrant var və Kreml onları ordu üçün potensial işçi qüvvəsi hesab edir.

Kreml 2024-cü il prezident seçkiləri ərəfəsində daxili səfərbərlik tədbirlərindən qaçmaq istəyir. Əvəzində xarici vətəndaşların istismarı Kremlə imkan verir ki, Ukrayna cəbhəsində artan itkilərin fonunda, hərbi əməliyyatlara əlavə kadrlar cəlb etsin və bunu etnik rusların və Rusiya vətəndaşlarının minimum iştirakı ilə həyata keçirsin.