Mərkəzi Afrika ölkəsi Konqo Demokratik Respublikasının Cənubi Kivu əyalətində Çinin mədən şirkətinə məxsus qızıl daşıyan konvoya silahlı hücum olub. Hücum nəticəsində 2-si Çin vətəndaşı olmaqla 4 nəfər ölüb.

İqtisadiyyat.az xəbər verir ki, baş verən hadisədə silahlı quldurlar konvoydan külli miqdarda qızıl oğurlayıblar.

Hücumda Konqo Demokratik Respublikasından olan bir əsgər və sürücü, həmçinin Çin mədən şirkətinin 2 əməkdaşı həlak olub, 3 nəfər isə ağır yaralanıb.

Yeraltı sərvətlərlə zəngin olan Konqoda bir neçə Çin mədən şirkətləri fəaliyyət göstərir.

Ruanda, Burundi və Tanzaniya ilə həmsərhəd olan Cənubi Kivuda bir çox qeyri-qanuni silahlı təşkilatlar yeraltı sərvətlərə nəzarət etmək üçün mübarizə aparır.

2021-ci ildə Cənubi Kivudakı mədəndə işləyən 5 Çin vətəndaşı qaçırılıb. Hadisədən sonra Çinin Kinşasadakı səfirliyi öz vətəndaşlarını hökumətə qarşı döyüşən partizan qruplarının fəal olduğu Cənubi Kivu, Şimali Kivu və İturi sərhəd əyalətlərini tərk etməyə çağırıb.