Ukrayna prezidenti Volodimir Zelenski nazirlərdən birini, həmçinin əks-hücum komandanı, adı açıqlanmayan yüksək rütbəli generalı işdən çıxarmağı, eyni zamanda qış başlamazdan əvvəl hərbi strategiyaya bir sıra dəyişikliklər etməyi planlaşdırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Time" jurnalı Ukrayna liderinə yaxın olan adı açıqlanmayan rəsmilərə istinadən yazır.

Məqalənin müəllifi Saymon Şusterin sözlərinə görə, Zelenskinin köməkçiləri xəbərdarlıq ediblər ki, qış başlamazdan əvvəl hərbi strategiyada böyük dəyişikliklər və prezident komandasında dəyişiklik gözlənilir: "Ukraynanın cəbhədə ləng irəliləyişinə görə cavabdehliyi təmin etmək üçün ən azı bir naziri, eləcə də əks-hücuma komandanlıq edən yüksək rütbəli generalı işdən çıxarmaq lazımdır".

Eyni zamanda, Zelenski qışda hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarıdır və əməliyyatların dondurulması ehtimalını qəbul etməkdən imtina edir.