Fələstin-İsrail münaqişəsinin alovlanması nəticəsində İsraildə azı üç Çin vətəndaşı yaralanıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin “Global Times” qəzeti məlumat yayıb.

Məlumata görə, daha dörd Çin vətəndaşı hələ də itkin düşmüş sayılır.

Yaralı çinlilərdən biri mədəsindən, digəri ayağından güllə yarası alıb. İsrail-Çin Ticarət Palatasının nümayəndəsi nəşrə deyib: "Mən yeddi-səkkiz ildir İsraildəyəm, heç vaxt belə ciddi vəziyyətlə qarşılaşmamışam və bu qədər çox qurban görməmişəm".

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi Fələstin və İsrail arasında gərginliyin artması ilə bağlı narahatlığını bildirib. Pekin bütün tərəfləri sakit və təmkinli olmağa, dərhal atəşi dayandırmağa, mülki insanları müdafiə etməyə və vəziyyətin daha da pisləşməsinin qarşısını almağa çağırıb.