"ABŞ və Çin arasındakı rəqabət nə hər bir ölkənin üzləşdiyi çətinliklərin, nə də qlobal problemlərin həllinə kömək edəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu yanaşma ilə "Sinxua" agentliyi Çin və ABŞ liderlərinin San-Fransiskoda baş tutan görüşünə həsr olunmuş məqaləsində çıxış edib.

"Böyük ölkələr arasında rəqabət indiki zamanın üstünlük təşkil edən tendensiyası deyil və nə Çinin, nə ABŞ-nin, nə də bütövlükdə dünyanın üzləşdiyi problemlərin həllinə kömək edəcək", - nəşr qeyd edib.

Müəllif əlavə edir ki, həm Çin, həm də ABŞ üçün münaqişələr və qarşıdurmaların hər iki ölkə üçün qəbuledilməz nəticələri olacaq.

"Yer planeti hər iki ölkənin uğur qazanması üçün kifayət qədər böyükdür və bir tərəfin uğuru digəri üçün fürsətdir", - məqalədə bildirilib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Tsinpin San-Fransiskoda görüş keçirib. Bu danışıqlar Baydenin prezident kimi işə başlamasından bəri iki lider arasında yeddinci təmas olub, lakin onların yalnız ikinci təkbətək görüşü kimi tarixə keçib. Tsinpinin isə son altı ildə ABŞ-yə ilk səfəridir. Bayden və Si arasında əvvəlki şəxsi görüş 2022-ci ilin noyabrında İndoneziyanın Bali adasında keçirilən G20 sammitində baş tutub.