Almaniya 2023-cü ilin sonuna kimi Ukraynaya daha iki IRIS-T hava hücumundan müdafiə sistemi göndərəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın NV nəşri Almaniyanın Kiyevdəki səfiri Martin Yagerə istinadən məlumat yayıb.

"Hazırda üç ədəd IRIS-T sistemi Ukraynada yerləşdirilib və ilin sonunadək iki ədəd əlavə edilməklə beşinin yerləşdirilməsi planlaşdırılır", – nəşr diplomatdan sitat gətirir.

Səfir söz verib ki, IRIS-T ilə yanaşı, Almaniya Ukraynaya əlavə "Patriot" zenit-raket kompleksləri verəcək, lakin onların sayı və təxmini çatdırılma tarixlərini açıqlamayıb.

Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın sonunda Almaniya hakimiyyəti Ukraynaya ardıcıl üçüncü olan daha bir IRIS-T SLM hava hücumundan müdafiə sistemi və sistem üçün raketlər göndərib.