"Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı ciddi güzəştə getməyə hazırdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson Dubayda keçirilən Ümumdünya Hökumət Sammitində çıxışı zamanı bildirib.

Eyni zamanda, Karlson deyib ki, Rusiya Federasiyasının prezidenti "danışıqlara daha çox açıq olmayacaq", əgər bu münaqişə uzanarsa, Rusiya güclənəcək və Qərb bu barədə düşünməlidir: "Son bir neçə il ərzində biz Rusiyanın sənaye imkanlarının əvvəllər inandığımızdan daha fundamental olduğunu gördük. O, asanlıqla raket və artilleriya mərmiləri istehsal edir, NATO isə bunu etmir. Mən Amerika rəsmilərinin dediyini eşitdim ki, onlar Krımı Ukraynaya qaytaracaqlar. Rusiyaya mühazirə oxumağa ehtiyac yoxdur. Bu dəlilikdir", - jurnalist əlavə edib.

Amerikalı jurnalist qeyd edib ki, o, müsahibədən sonra Rusiya lideri ilə danışıb, lakin söhbətin məzmununu açıqlamayıb.

Karlsona verdiyi müsahibədə Putin bildirib ki, Rusiya Ukrayna ilə bağlı dialoqdan heç vaxt imtina etməyib, lakin 2022-ci ilin martında İstanbulda danışıqların dayandırılmasından sonra ilk addımı atmaq niyyətində deyil.