“Yeni klinika” tibb müəssisəsinin İctimaiyyətlə əlaqələr, Marketinq və Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə öz vəzifəsindən ayrılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İlham Məmmədzadə sosial şəbəkə hesabında paylaşım edib.

Sözügedən paylaşımı təqdim edirik:

"Son günlər "Yeni Klinika" ilə bağlı ölkə mediasında gedən yazılara münasibət bildirilməsini, açıqlama almaq istəyən media dostlarımıza söyləmək istəyirəm ki, mən artıq iyul ayının sonlarından bu tibb müəssisəsində çalışmıram. "Yeni Klinika"nın sabiq direktor vəzifəsini icra edən, baş həkim, ən əsası isə dürüst və gözəl insan, peşəkar həkim Cavid Paşayevdən sonra mənim də orada qalmağım mümkün deyildi. O səbəbdən ərizə yazaraq işdən ayrıldım.
Fəaliyyət göstərdiyim ötən dövr qısa olsa da, mümkün imkanlardan istifadə edərək "Yeni Klinika"nın fəaliyyətinin ictimaiyyətə tanıdılması, işıqlandırılması istiqamətində əlimizdən gələni etdik. Bu işdə bizə dəstək olan hər bir media dostlarımıza dərin təşəkkürümü bildirirəm. Yaxın günlərdə yeni ünvanda görüşənədək".

Gülşən Şərif