İtaliya Çinin Romadakı səfirliyinə göndərdiyi rəsmi məktubda müasir İpək Yolu kimi tanınan Çinin "Bir kəmər və yol" təşəbbüsündən çıxdığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti məlumat yayıb.

Məlumata görə, Giorgia Meloninin başçılıq etdiyi sağçı koalisiya hökuməti Çinin layihəsi olaraq bilinən "Bir kəmər, bir yol" təşəbbüsündən geri çəkilmək üçün 3 gün əvvəl Romadakı Çin səfirliyinə rəsmi bildiriş göndərib.

Notada İtaliyanın Çinə bu təşəbbüsdə iştirakını uzatmayacağını çatdırdığı bildirilib.

Baş nazirin müavini və Xarici İşlər Naziri Antonio Tacani mövzu ilə bağlı açıqlamasında deyib: "İpək Yolu bizim prioritetimiz deyil, biz gördük ki, o, istənilən effekti yaratmadı. Layihədə iştirak etməyənlər daha yaxşı nəticələr əldə etdilər".

Qeyd edək ki, İtaliya Cüzeppe Kontenin başçılıq etdiyi 1-ci Konte Hökuməti dövründə 2019-cu ilin mart ayında Romada Çin Prezidenti Si Tsinpin ilə imzalanmış anlaşma memorandumu ilə "Bir kəmər, bir yol" təşəbbüsünə daxil olmuşdu.

Bununla da İtaliya layihəyə daxil olan ilk və yeganə G7-yə üzv ölkə idi.