Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

"Prezident Ərdoğan İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu imzalayıb və oktyabrın 23-də parlamentə təqdim edib", - məlumatda deyilir.

Prosedura əsasən, sənəd ilkin olaraq Beynəlxalq Əlaqələr Komissiyasında nəzərdən keçiriləcək və təsdiqləndiyi təqdirdə bütövlükdə parlamentin səsverməsinə çıxarılacaq.

İsveçin NATO-ya qəbulu ilə bağlı protokol indiyədək alyansın digər üzvləri tərəfindən ratifikasiya edilib, yalnız Türkiyə və Macarıstan bunu təsdiq etməyib. Bu sənədin Ankara tərəfindən vaxtından əvvəl ratifikasiyasına dair razılıq NATO, Türkiyə və İsveç arasında iyulda Vilnüsdə NATO sammitindən əvvəl əldə edilib, lakin sonra Türkiyə tərəfi ərizənin təsdiqi üçün şərtlər irəli sürüb, o cümlədən terrorizmlə mübarizə və iqtisadi inkişafın sürətləndirilməsi sahəsində əməkdaşlıq, Aİ ilə inteqrasiya və s. kimi tələblər irəli sürülüb.