İsveçin xarici işlər naziri Tobias Billström ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı Macarıstanla danışıqlar aparmayacağını, Macarıstan parlamentinin hələlik bu müraciəti təsdiqləmədiyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Aftonbladet" qəzeti məlumat yayıb.

"Hazırkı vəziyyətdə mən danışıqlar üçün heç bir əsas görmürəm", - deyə nazir bildirib. 

Nazirin sözlərinə görə, Türkiyə tezliklə İsveçin Şimali Atlantika Alyansına qoşulmasına icazə verməlidir: "Türkiyə artıq bizim üzvlüyümüzü ratifikasiya etməyə çox yaxındır. Biz bunu baş verən kimi alqışlayacağıq".

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban bir müddət əvvəl "X" sosial şəbəkəsindəki səhifəsində isveçli həmkarı Ulf Kristerssonu krallığın NATO-ya daxil olması ilə bağlı danışıqlara dəvət etdiyini açıqlamışdı. Macarıstan və Türkiyə parlamentləri İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməmiş yeganə NATO ölkələridir.