İspaniyanın mərkəzi və şərq bölgələrinə təsir edən güclü yağış həyatı iflic edib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, paytaxt Madrid və Toledoda "qırmızı xəbərdarlıq" elan edilib, bir çox qatar səfərləri ləğv edilib, bəzi yollar isə nəqliyyata bağlanıb.

Rekord yağıntının gözlənildiyi Madriddə yerli hökumət vətəndaşların cib telefonlarına mesaj göndərərək güclü yağış səbəbindən məcbur olmadıqca avtomobillərindən istifadə etməmələrini və evdə qalmalarını istəyib.

Kastilya-La-Mança, Valensiya və Kataloniya bölgələrində yağıntı və güclü külək nəticəsində bəzi evlər və iş yerləri su altında qalıb, ağaclar aşıb.

Digər tərəfdən kvadrat metrə 100 litrdən çox yağıntı düşən Hueska şəhərində 31 və 34 yaşlı iki alpinistin həyatını itirdiyi açıqlanıb. Jandarma rəsmiləri hələ rəsmiləşməsə də, bu şəxslərin ölüm səbəbinin pis hava şəraiti olduğunu açıqlayıblar.

Bundan əlavə, La Liqanın üçüncü həftəsində bu axşam oynanılmalı olan "Atletiko Madrid" - "Sevilya" matçı da təxirə salınıb.