Türkiyə və İranın xarici işlər nazirləri Hakan Fidan və Hüseyn Əmir Abdullahyan arasında şənbə günü telefon danışığı baş tutub.

İqtisadiyyat.az xəbər verir ki, tərəflər Fələstindəki son hadisələri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

"İsrailin Qəzza və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı cinayətlərinin tamamilə dayandırılması vacibdir. İran və Türkiyə digər İslam ölkələri ilə birlikdə Fələstin xalqına dəstək vermək üçün daha qətiyyətli tədbirlər görməlidir", - İran XİN rəhbəri qeyd edib.

İranın xarici işlər naziri iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın artan tendensiyasından məmnunluğunu ifadə edərək, ümidvar olduğunu bildirib ki, iki ölkə arasında yüksək səviyyəli diplomatiyanın davamı ilə ikitərəfli əməkdaşlığın möhkəmlənməsi və dərinləşməsi mümkün olacaq.

Öz növbəsində Hakan Fidan Türkiyənin Qəzzada atəşkəsin qorunması istiqamətində səylərini davam etdirmək əzmində olduğunu vurğulayıb.

Türkiyənin xarici işlər naziri həmçinin İran və Türkiyə arasında ikitərəfli münasibətləri çox zəngin və çoxşaxəli hesab edib və əmin olduğunu bildirib ki, iki ölkənin yüksək rütbəli rəsmiləri arasında davamlı məsləhətləşmələr və görüşlər onlar arasında əlaqələrin daha da inkişafına səbəb olacaq.