"Rusiya mövcud infrastrukturdan istifadə etməklə 300 MVt elektrik enerjisinin Azərbaycan vasitəsilə Ermənistana, oradan isə İrana ixracı imkanları barədə rəsmi Bakı və Tehranla danışıqlar aparır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın Energetika naziri Nikolay Şulqinov Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda RİA Novosti-yə müsahibəsində deyib.

“İndi biz sadəcə olaraq elektrik enerjisinin Azərbaycan ərazisi ilə Ermənistana, oradan İrana və ola bilsin, oradan da başqa ölkələrə çatdırılması imkanlarını nəzərdən keçiririk. İlk növbədə biz Tehran və Bakı ilə yeni tikinti aparılmadan mövcud infrastrukturdan istifadə edilməklə bu işin icra olunması istiqamətində razılaşmışıq”, - deyə rusiyalı nazir bildirib.

 

 

Şulqinov bildirib ki, söhbət 300 MVt həcmində enerji təchizatından gedir. Nazirin sözlərinə görə, layihənin həyata keçməsində bütün iştirakçılar maraqlıdır.

Qeyd edək ki, avqust ayında Rusiyanın Energetika Nazirliyi Rusiya, İran və Azərbaycan elektrik enerjisi sistemlərinin birləşdirilməsi üzrə texniki-iqtisadi əsaslandırma üzərində işi 2023-cü ilin sonuna qədər başa çatdırmaq barədə razılığa gəldiklərini bildirib. Nazirlikdən o da qeyd edilib ki, iş prosesi zamanı iştirakçı ölkələrin elektrik şəbəkələri ilə elektrik enerjisinin ötürülməsi üçün müxtəlif şərtlər ətraflı təhlil edilir və əlavə enerji obyektlərinin tikintisinin mümkünlüyü nəzərdən keçirilir.