İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə əlaqədar təminatların tətbiqi barəsində saziş üzrə Tehranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı məsələlərin həllində irəliləyiş əldə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian mətbuat konfransında bildirib.

“MAQATE-nin məlumatına görə, hələ də həll olunmamış bəzi məsələlər üzrə qarşılıqlı fəaliyyətdə yaxşı irəliləyiş əldə etmişik”, - deyə diplomat qeyd edib.

Amir-Abdullahian, həmçinin MAQATE-nin baş direktoru Rafael Qrossinin Tehranla təhlükəsizlik danışıqlarındakı rolunu yüksək qiymətləndirib.

Qeyd edək ki, Qrossi İranın nüvə obyektlərində uran hissəciklərinin 83,7%-ə qədər zənginləşdirməsi ilə bağlı xəbərlərdən sonra martın 3-də Tehrana səfər edib. MAQATE rəhbəri İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami ilə danışıqlar aparıb, prezident İbrahim Rəisi və xarici işlər naziri ilə görüşüb. 

MAQATE və AEOI daha sonra birgə bəyanatda bildiriblər ki, İran könüllü olaraq, MAQATE-yə gələcək müvafiq yoxlama və monitorinq fəaliyyətlərini həyata keçirməyə icazə verəcək.

İran hakimiyyəti daha sonra bildirib ki, MAQATE 83,7%-ə qədər zənginləşdirilmiş uranın izlərinin aşkarlanması ilə bağlı araşdırmanı dayandırıb.