İran İslam Respublikasının prezidenti İbrahim Rəisi Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsindən açıqlama verilib.

Açıqlamada bildirilib ki, səfər çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci toplantısı keçiriləcək. Toplantı Ankarada prezident Ərdoğan və onun iranlı həmkarının sədrliyi ilə keçiriləcək.

Bəyanatda bildirilib ki, görüşdə Türkiyə-İran münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və inkişafı üçün atıla biləcək addımlar müzakirə olunacaq:

"Görüşlər zamanı ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal problemlər, xüsusilə İsrailin Qəzzaya və işğal olunmuş Fələstin ərazilərinə hücumları ətrafında fikir mübadiləsi aparılacaq. Münasibətlərin müqavilə əsaslarının möhkəmləndirilməsinə yönəlmiş müxtəlif sənədlərin imzalanması da gündəmdədir".