Hindistan və ABŞ ənənəvi sahələrdə, o cümlədən birgə təlimlər, həmçinin kosmos və süni intellekt (AI) kimi yeni sahələrdə müdafiə tərəfdaşlığını inkişaf etdirməyə sadiq olduqlarını bildiriblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yeni Dehlidə "2+2" formatında nazirlərin dialoqu çərçivəsində keçirilən görüşün yekunlarına dair birgə bəyanatda bildirilib.

"Nazirlər geniş dialoq və getdikcə mürəkkəbləşən hərbi manevrlər, 2023-cü ilin iyun ayında Hindistan-ABŞ Müdafiə Sənayesi Əməkdaşlığı Yol Xəritəsi ilə başlanmış birgə layihələrin sürətləndirilməsi və kosmos kimi yeni sahələrdə tərəfdaşlıqların genişləndirilməsi yolu ilə çoxşaxəli müdafiə tərəfdaşlığını daha da dərinləşdirməyə sadiqliklərini təsdiqlədilər", - iki ölkənin xarici işlər və müdafiə nazirlikləri rəhbərlərinin görüşündən sonra qəbul edilən sənəddə deyilir.

Nazirlər Amerikanın General Electric (GE) Aerospace şirkəti ilə Hindistanın Hindustan Aeronautics Limited şirkəti arasında GE F-414 reaktiv mühərriklərinin Hindistanda istehsalına dair kommersiya sazişi üzrə danışıqların başlanmasını yüksək qiymətləndiriblər.

Tərəflər həmçinin vurğulayıblar ki, onlar yol xəritəsində müəyyən edilmiş prioritet sahələrdə sistemlərin inkişafı və istehsalı üçün Hindistan və Amerika şirkətlərindən əlavə təkliflər gözləyirlər.