"Hindistan demokratiyanın doğulduğu yerdir, çünki Hindistanın demokratik sistemi Avropa sistemindən daha qədimdir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu bu Cənubi Asiya ölkəsinin prezidenti Draupadi Murmu yanvarın 26-da qeyd olunan Respublika Günü ərəfəsində xalqa müraciətində deyib.

"Sabah konstitusiyanın qüvvəyə minməsini qeyd etdiyimiz gündür. O, "Biz Hindistan xalqıyıq" sözləri ilə başlayır və bununla da sənədin mövzusunu, yəni demokratiyanı vurğulayır. Hindistanda demokratik sistem çox qədimdir. Qərb demokratiyası anlayışından daha qədimdir. Bu səbəbdən Hindistanı demokratiyanın anası adlandırırlar", - Murmu bildirib.

Hindistanın uğurlarından danışan prezident onu da qeyd edib ki, son illər ölkənin ÜDM-in artım tempi dünyanın ən böyük iqtisadiyyatları arasında ən yüksək səviyyədə qalıb: "Və bizim bu cür göstəricilərin 2024-cü ildə və ondan sonra da davam edəcəyinə inanmaq üçün bütün əsaslarımız var".

Qeyd edək ki, 1947-ci il avqustun 15-də Hindistan Böyük Britaniyadan müstəqillik qazanıb, 1950-ci il yanvarın 26-da isə respublika elan edən ölkənin konstitusiyası qüvvəyə minib. O vaxtdan bəri hər il Respublika Günü qeyd olunur və Yeni Dehlidə hərbi parad keçirilir.