Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1100-ü keçib ki, onların da yarıdan çoxu Misir vətəndaşlarıdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Bildirilib ki, Həcc ziyarəti zamanı 672 misirli zəvvar dünyasını dəyişib, onlardan yalnız 31 nəfərinə Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən xüsusi viza verilib.

Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni həcc ziyarəti ediblər.

Mənbələrin bildirdiyinə görə, qeydiyyatdan keçməyən zəvvarlar kondisionerli istirahət obyektlərindən istifadə edə bilməyiblər və hüquq-mühafizə orqanları əməkdaşlarının Həcc vizalarını yoxladıqları keçid məntəqələrindən yayınaraq açıq günəş altında uzun gəzintilər etməyə məcbur olublar. Həddindən artıq istilər zamanı zəvvarlar xroniki xəstəliklərin ağırlaşması və fiziki yorğunluq səbəbindən dünyasını dəyişib. Ölümlərin böyük əksəriyyəti yaşlı insanlar arasında baş verib.