Türkiyə İsrail və Fələstin münaqişəsinin həllində bölgə dövlətlərinin daha fəal iştirakını gözləyir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada danimarkalı həmkarı Lars Lökke Rasmussenlə birgə mətbuat konfransında bildirib. 

"Biz münaqişənin həllində region ölkələrinin daha fəal rol oynayacağını gözləyirik", - deyə Hakan Fidan qeyd edib. O, Ankaranın böhranın həllinə təminat verəcək ölkələr sistemi yaratmaq təşəbbüsünü xatırladıb.

"Böhranın yayılmasının qarşısını almalıyıq. Bunun yeganə həlli 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin Dövlətinin yaradılmasıdır. Bu anlayışla, biz Fələstin dövlətinin yaradılmasında konstruktiv səyləri davam etdirəcəyik", - Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

O, İsraili Fələstinə qarşı zorakılığı dayandırmağa çağıraraq, onun hazırkı hərəkətlərinin sülh gətirməyəcəyini və bölgədən kənarda da daxil olmaqla, şiddət və qarşıdurmanı artıra bilməyəcəyi barədə xəbərdarlıq edib: "İsrail seçim etməlidir. Fələstinlilərə qarşı təzyiq və zorakılıq israillilərə sülh gətirməyib və gətirməyəcək. Türkiyə İsraili sağlam düşüncədən istifadə etməyə çağırır", - deyə Fidan vurğulayıb. 

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Ankara HƏMAS hərəkatını terror təşkilatı hesab etmir: "Biz artıq Fələstin dövlət sisteminin bir hissəsi olan HƏMAS-ı terror təşkilatı hesab etmədiyimizi söylədik. Eyni zamanda, bu, dinc əhalinin öldürülməsini bəyəndiyimiz anlamına gəlmir. Biz bunu pisləyirik".