Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili çərşənbə günü Brüsselə işgüzar səfərə gedəcək və bu tarixdə Avropa Komissiyasının (AK) Gürcüstana Avropa İttifaqına (Aİ) üzvlüyünə namizəd statusunun verilməsinin məqsədəuyğunluğu barədə hesabatı açıqlanacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"2023-cü il noyabrın 8-də Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Brüsselə səfər edəcək. Səfər çərçivəsində o, Avropanın Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhelyi ilə görüşəcək", - məlumatda deyilir.

Qeyd edilib ki, Darçiaşvili və Varhelyi noyabrın 8-də dərc olunacaq Avropa Komissiyasının hesabatını, o cümlədən Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı məsələləri və respublikanın Aİ-yə daxil olmasına yönəlmiş addımları müzakirə edəcəklər.