Fransanın istər Azərbaycanın 44 günlük vətən müharibəsi dövründə, istərsə də müharibədən sonra Azərbaycana qarşı ermənipərəst siyasət yürütməsi artıq heç kimi təəccübləndirmir. Bu gün baş verənlər isə təxribatın yüksələn xətlə inkişaf etdiyini göstərir. Rəsmi Paris Azərbaycanla razılaşdırmadan və beynəlxalq hüquqlara zidd olaraq Qarabağdakı ermənilər üçün humanitar yük karvanı göndərib. Yüklə dolu tırlar əvvəlcə İrəvana, oradan isə Laçınla sərhəddə yerləşən Gorusun Gorunzur kəndinə gəlib. Əvvəlcədən gözlənildiyi kimi, Azərbaycan tərəfi yük maşınlarını öz ərazisinə buraxmayıb.

Makron rejiminin təxribat xarakterli addımları isə dayanmaq bilmir.

 

thumb%20(2).jpg

 

Mövzu ilə ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov öz fikirlərini İqtisadiyyat.az-la bölüşüb.

Onun sözlərinə görə, Fransa humanitar yardım şousunun aktyoruna çevrilməkdədir:

"Fransanın canfəşanlığı ilk deyil. Fransa İkinci Qarabağ savaşı dövründə humanitar atəşkəslə bağlı üç dəfə Azərbaycandan xahiş edib. Azərbaycan tərəfi bu xahişi nəzərə alsa da, Ermənistan atəşkəsin tələblərini pozdu. Fransa Azərbaycana qarşı müxtəlif istiqamətlərdə ermənipərəst mövqeyini ortaya qoyub. Bununla yanaşı, Fransa Ermənistanın silahlandırılmasına dəstək olur. Fransa hər zaman ikiüzlü və qeyri-səmimi siyasət yürüdüb. Azərbaycanın müstəqil siyasət yürütməsi, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatı istiqamətində real addımlar atması Fransanın həzm edə bilmədiyi nüanslardır. Hazırkı mərhələdə Laçın yolunda əsassız blokadanın yaradılması ilə bağlı Azərbaycana qarşı ittihamlar səsləndirənlərin başında Fransa durur. 

Fransanın bir sıra regionlarının rəhbərlərinin müşayiəti ilə Ermənistana humanitar yardımın göndərilməsi siyasi həyasızlığın kuliminasiya nöqtəsidir. Bu gün Xankəndidə heç bir humanitar böhran yoxdur. Əgər böhran yaşanarsa, Azərbaycan öz gücünə vəziyyəti düzəldə bilər. Azərbaycan heç bir halda sözügedən yüklərin ölkə ərazisindən keçməsinə imkan verməyəcək. Fransa bunu çox gözəl anlayır və ona görə də şousunu daha da dərinləşdirməyə can atır. Makronun ötən ilin oktaybr ayında verdiyi anti-Azərbaycan müsahibəsi, "Qarabağ Ermənistanın ürəyidir" ifadəsi Fransa rejiminin mövqeyini açıq şəkildə göstərir. Hesab edirəm ki, Fransa xalqı yaxın gələcəkdə Makron hakimiyyətinə qarşı öz mövqeyini ortaya qoyacaq".

 

thumb_20161029022435158.jpg

 

 

Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov isə vurğulayıb ki, ermənilərin əsas məqsədi seperatçılığı davam etdirməkdir:

"Çox güman ki, yaxın 10 gün ərzində Fransanın atdığı addımlarla bağlı məsələ aydın olacaq. Bu, sadəcə ermənilərin humanitar yardım alması məsələsi deyil. Ümumilikdə seperatçıların gələcək aqibəti ilə bağlı ciddi qərarlar veriləcək. Hazırda bununla bağlı müxtəlif regional dövlətlər arasında qarşılıqlı kommunikasiya davam edir. Mövcud vəziyyət ondan xəbər verir ki, hadisələr gərginliyə doğru getməkdədir. Əgər müsbət qərar verilərsə, bu, ümumi ab-havanın yaxşılaşmasına səbəb ola bilər. Bəzi beynəlxalq qurumların ermənilərə verdiyi dəstək uzunmüddətli olmayacaq".

Gülşən Şərif