Bu ildən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklilərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta “staj”ı hesablanır. Yəni, əgər vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa o 25 illik pensiya təcrübə ilə pensiyaya çıxır. Bu yaxşıdır, amma heç də bütün yaşlı insanların pensiya almasına imkan vermir. Məsələ ondadır ki, elə vətəndaşlar var ki, onların 2006-cı ilədək 25 deyil, daha az, məsələn 22 il iş təcrübəsi olub və 2006-cı ildən sonra yığımı da olmayıb. Qaydalara əsasən, belə vətəndaşların əmək pensiyası almaq hüquqları yoxdur. Vətəndaş 2006-cı ilədək hətta 24 il işləyib, amma sonradan əmək müqaviləsi olmadığı üçün yığım edə bilməyib və indi pensiya yaşı çatsa da pensiya ala bilmir. Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq. O isə minimum əmək pensiyası ilə müqayisədə kiçik məbləğdir.

İqtisadçı ekspert Vüqar Bayramov bütün bunlara görə, “Pensiya amnistiyası” verilməsini təklif etmişdi. Yəni, əgər vətəndaşın 2006-cı ilədək müəyyən iş təcrübəsi olubsa və hətta 2006-cı ildən sonra onun fərdi hesabında heç bir yığım olmayıbsa, onun pensiya yaşı çatan zaman minimum pensiya məbləği ilə təmin olunmasına ehtiyac var. Ekspert, bu yaş qrupunda olan insanların sosial təminata daha çox ehtiyacının olduğunu deyərək, belə amnistiyanın verilməsinin çox vacib olduğunu bildirib.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov İqtisadiyyat.Az-a açıqlama verərkən, sosial ədaləti bərpa etmək üçün pensiya qanunvericiliyinə yenidən baxılmasının lazım olduğunu bildirib:

“Çünki, 2006-cı ilə qədər və ondan sonra eyni dövr ərzində, eyni işi görən və eyni maaşı alan insanlara müxtəlif vaxtlarda pensiyaya çıxdığına görə, fərqli pensiya məbləği təyin etmək ayrıseçkilikdir. Bütün fərqlər aradan qaldırılmalıdır. Hansı dövrdə işləməsindən asılı olmayaraq, şəxs işləyibsə və onunla bərabər işləyib amma daha əvvəl yaxud daha sonra pensiyaya çıxıbsa, üstün imtiyazlı pensiyaya çıxıbsa, bu yolverilməzdir”.

Qeyd edək ki, məsələ ilə əlaqədar ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovla əlaqə saxladığımız zaman nazirliyin bu barədə rəsmi qərarının olmadığını bildirib.

Mehman Nəbiyev