Sentyabrın 16-da Ermənistanda ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı imzaların toplanmasına başlanılıb.

İqtisadiyyat.az Ermənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinə istinadən xəbər verir ki, Komissiya sentyabrın 11-də “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün təşəbbüs qrupunun yaradılması təklifi ilə razılaşıb.

“Respublika” Partiyası Siyasi Şurasının üzvü, 2018-2019-cu illərdə Ermənistanın ədliyyə naziri vəzifəsində çalışmış Artak Zeynalyan təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi təyin edilib.

MSK imzaların toplanmasının sentyabrın 16-dan noyabrın 14-ü daxil olmaqla keçirilməsi barədə qərar qəbul edib. Qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün 50 min vətəndaşın imzası lazımdır. Əgər təşəbbüs qrupu buna nail olsa və deputatlar qanun layihəsini təsdiq etməsələr, onda Ermənistan qanunvericiliyi layihənin referenduma çıxarılması üçün imzaların toplanmasını nəzərdə tutur. Bunun üçünsə 300 min imza lazımdır