Naxçıvanda  ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin  işə qəbulu müsabiqəsinin yekunlaşması ilə Dövlət Proqramının müvafiq bəndi uğurla icra olunub.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bu il ilk dəfə olaraq ölkə üzrə muxtar respublikada mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi yekunlaşıb.  

Bu barədə İqtisadiyyat.az-a Naxçıvan Muxtar Respublikası Nazirlə Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, cari ilin 2-10 iyul tarixlərində müsabiqənin test mərhələsi keçirilib. Hər bir namizədə bərabər imkanlar yaradılmaqla keçirilən test mərhələsinə 1667 namizəd dəvət olunub, onlardan 1341-i (80.4 faizi) imtahanda iştirak edib. Müsabiqənin test mərhələsində uğur qazanan 145 namizədə ümumtəhsil məktəblərindən və peşə təhsil müəssisələrindən 527 vakant yer təklif olunub.

4-17 avqust tarixlərində keçirilən müsahibə mərhələsində iştirak edən 133 namizədin hər biri müəllim adını qazanıb.

Məlumat üçün bildirək ki, hazırda  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində tutulmayan vakant vəzifələrə müəllimlərin işə qəbul müsabiqəsinin test mərhələsində uğur qazanan namizədlər üçün müddətli müqavilə əsasında müəllim vəzifəsinə işə qəbul prosesi aparılır.

Bu günə kimin 17 namizədlə müqavilə bağlanılıb və bu proses tədris ili ərzində davam etdiriləcək.