Son günlər Rusiya ilə gərginliklərin davamı kimi Paşinyan Ermənistanın Qərblə tərəfdaşlıq modelini qabardır. Bu fonda Rusiyanın Azərbaycan və Türkiyə ilə strateji müttəfiqliyi ilə bağlı vəziyyət də diqqət mərkəzindədir.

 

Ukrayna ikinci Belarusa çevrilə bilər? Bitməyən müharibənin ŞƏRHİ

 

Mövzu ilə bağlı siyasi şərhçi Turan Rzayev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Qərb-Ermənistan tərəfdaşlığının daha əsaslı nəticələr verəcəyi gözlənilən deyil:

"Mövcud vəziyyətdə Qərbin Ermənistanda təsir gücünü artırması və rəsmi İrəvanın Qərbə inteqrasiyası müşahidə olunur. Əslində Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən sonra anti-Rusiya abu-havası güclənib. Xüsusilə də 44 günlük müharibədən sonra Rusiyanın Ermənistanda dayaqlarının zəiflədilməsi prosesinə başlanmışdı. Avropa İttifaqının sülhməramlı missiyasının Ermənistana gəlişi və bu ölkədə fəaliyyəti isə ilk hərbi reaksiya idi. Son ABŞ-Ermənistan hərbi təlimi onu göstərir ki, artıq Qərb ermənilərin nüfuzunu qazanıb. Ermənistanın Qərbə inteqrasiyası, Avropa İttifaqı və ABŞ ilə yaxınlaşması Rusiyanı narahat edir. İndiki məqamda Ermənistanın Qərblə tərəfdaşlığı artsa da, Qərb ailəsinin bir parçası ola bilməyəcək. Ermənistanın NATO və Avropa İttifaqına üzv olacağı real görünmür". 

Qərb-Ermənistan yaxınlaşması fonunda Rusiyanın Azərbaycan və Türkiyə ilə hərbi əməkdaşlığına da toxunan Turan Rzayev hesab edir ki, rəsmi Moskva ilə hərbi tərəfdaşlığın daha da artırılması məqsədəuyğun deyil:

"Məlumdur ki, AzərbaycanlaTürkiyə arasında Şuşa Bəyannaməsi var. Həmçinin Azərbaycanla Rusiya arasında Moskva Bəyannaməsi mövcuddur. Yəni hər iki ölkə rəsmi olaraq Azərbaycanın müttəfiqi sayılır. Rəsmi Bakının həm Türkiyə, həm də Rusiya ilə münasibəti normal səviyyədədir. Azərbaycan tərəfi Türkiyədən fərqli olaraq, Rusiya ilə balanslı siyasət həyata keçirir. Azərbaycan Rusiyaya qarşı Qərb sanksiyalarına qoşulmadığı halda, Ukrayna müharibəsini dəstəkləmir. Azərbaycan-Türkiyə-Rusiya tərəfdaşlığına gəlincə, hazırda məqamda üçlü müttəfiqliyin yaranması mümkün görünmür. Xüsusilə də Rusiyanın Cənubi Qafqazdakı siyasəti, bu regiondakı ölkələrin daxili və xarici siyasətinə müdaxilə etməyə çalışması bu ittifaqın qarşısını alır. Türkiyə ilə Rusiyanın maraqları müəyyən mənada üst-üstə düşsə də, toqquşmayan maraqlar da var. Misal üçün, hər iki tərəf Zəngəzur dəhlizinin açılmasını istəyir. Lakin bu dəhlizə kimin nəzarət edəcəyi məsələsində fikir ayrılıqları yaşanır. Rusiya imperialist və işğalçı bir ölkədir. Ona görə də Rusiya ilə hərbi starteji tərəfdaşlığın imzalanması normal hal deyil". 

Gülşən Şərif