Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Avropa İttifaqı (Aİ) ilə iqtisadi və siyasi əlaqələri inkişaf etdirmək istədiyini və viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlamaq üçün addımların atılacağını gözlədiklərini bəyan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borell və Ermənistanın xarici işlər naziri ararat Mirzoyanın Aİ-Ermənistan Assosiasiya Şurasının 5-ci iclasından sonra birgə mətbuat konfransında bildirilib.

Borell ölkədə aparılan islahatlardan, o cümlədən Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edərək BCM-yə rəsmi üzv olmasından məmnun olduğunu bildirərək, müdafiə, iqtisadiyyat, xarici əlaqələr, siyasət və təhlükəsizlik sahələrində əməkdaşlıq mesajı verib.

Azərbaycan və Ermənistanın sülh prosesinin yaxından izləndiyini deyən Borell Aİ-nin suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsipləri əsasında davamlı sülhü dəstəkləməkdə qərarlı olduğunu bildirib.

Borell Ermənistan tərəfdən açılan atəş nəticəsində bir Azərbaycan əsgərinin yaralanması ilə bağlı bildirib: "Dünən ermənilərin Azərbaycan əsgərlərini vurması çox üzücü idi, lakin Azərbaycanın bu gün reaksiyası qeyri-mütənasib görünür".