"Ərəb Dövlətləri Liqası İran tərəfinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ərbil şəhərinə endirdiyi zərbələrlə bağlı təqdim etdiyi izahatları qənaətbəxş hesab etmir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ərəb Liqası Şurasının fövqəladə iclasının yekunları üzrə qəbul edilmiş bəyanatda deyilir.

"Liqa İran hökumətinin təqdim etdiyi əsaslandırmaları pisləyir və qəbul etmir. Bu bəhanələrin heç biri bir dövlətə digərinin suverenliyini pozmaq hüququ vermir", - sənəddə vurğulanır. 

Təşkilat yekun qətnaməsində insident və onun nəticələrinə görə məsuliyyəti rəsmi Tehranın üzərinə qoyub. Qeyd edilib ki, bu cür hərəkətlər bir daha təkrar olunarsa, bütün regionda sülh və təhlükəsizliyə təhlükə yarada biləcək qədər təhlükəli presedentə çevrilə bilər.

Ərbilə hücum Ərəb Liqasında "İraqın suverenliyinə qarşı açıq təcavüz" və "yaxşı qonşuluq və beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması" kimi qiymətləndirilib. İclas iştirakçıları İraqın ərazi bütövlüyünü müdafiə etmək və bu cür hərəkətlərə cavab vermək üçün “beynəlxalq hüquqla tənzimlənən bütün diplomatik və hüquqi vasitələrdən istifadə etmək” hüququnu tanıyıblar.

Qeyd edək ki, çərşənbə günü səhər saatlarında İraq Xarici İşlər Nazirliyi Ərbilin atəşə tutulması ilə əlaqədar Ərəb Liqası Şurasını fövqəladə iclasa çağırdığını açıqlamışdı.