Türkiyə və Misir prezidentləri Rəcəb Tayyib Ərdoğan və Əbdülfəttah əs-Sisi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə sammiti çərçivəsində Ər-Riyadda Qəzza zolağındakı vəziyyəti və fələstinlilərə yardımın çatdırılmasını müzakirə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

"Prezident Ərdoğan Ər-Riyadda keçirilən İƏT-in fövqəladə sammitində Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb və Qəzzadakı vəziyyəti müzakirə edib. İsrailin hər gün zorakılıq səviyyəsini artıran zolağa hücumları ilə bağlı son hadisələr müzakirə olunub. Ərdoğan vurğulayıb ki, İsrail Qəzza zolağında mülki şəxslərə qarşı insan haqlarını pozduğuna görə beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmalıdır", - məlumatda bildirilib.

Ərdoğan həmçinin əs-Sisiyə Türkiyənin Fələstində daimi sülhün təmin edilməsinə yönəlmiş intensiv diplomatik işi haqqında məlumat verib: "O, Türkiyənin Qəzza zolağına humanitar yardım və tibbi xidmətlərin çatdırılmasında əməkdaşlığa hazır olduğunu vurğulayıb", - ofisdən bildirilib.

Ərdoğan Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və İndoneziya prezidenti Coko Vidodo ilə də görüşlər keçirib.