"Türkiyə birliyə qoşulma ehtimalı ilə bağlı Avropa İttifaqından (Aİ) heç nə gözləmir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin yeni iclasının açılışında çıxışı zamanı deyib.

"Bizi 60 ildir gözləməyə vadar edən Avropa İttifaqından heç bir gözləntimiz yoxdur. Əgər onlar Türkiyəyə qarşı, xüsusən də vizaların verilməsi ilə bağlı ədalətsiz rəftarlarından əl çəksələr, o zaman səhvlərini düzəldəcəklər. Əks halda, onlar bizdən nə isə gözləmək hüququnu itirəcək", - deyə o vurğulayıb.

"Türkiyə lazım gələrsə, Kopenhagen öhdəliklərini (ölkələrin Avropa İttifaqına daxil olması üçün meyarlar) Ankara meyarlarına çevirib yoluna davam edə bilər", - Türkiyə lideri qeyd edib.

Türkiyə ilə Aİ arasında beynəlxalq təşkilata üzvlüklə bağlı danışıqlar rəsmi olaraq 2005-ci ildə başlayıb. Tərəflər, məsələn, Kipr problemi kimi məsələlərdə razılığa gələ bilmədiklərindən bu günə qədər danışıqlar dosyesinin 35 bəndindən 16-sı həll olunmayıb.