Türkiyə NATO-nun yeni baş katibinin seçilməsi məsələsində “strateji müdriklik çərçivəsində” qərar verəcək.
İqtisadiyyat.az xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Hollandiyanın baş naziri Mark Rutte NATO-nun baş katibi vəzifəsinə namizəddir.
“Strateji müdriklik və ədalət çərçivəsində qərar verəcəyimizə heç kimin şübhəsi olmasın”, - Ərdoğan jurnalistlərə deyib.
Yens Stoltenberqin NATO-nun baş katibi kimi mandatı oktyabrın 1-də başa çatır. Hollandiyanın NOS telekanalının məlumatına görə, Ruttenin NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyini alyansın 32 ölkəsindən 28-i dəstəkləyir. Əvvəllər yeni baş katibin təşkilatın 75 illik yubileyi münasibətilə aprelin 3-4-də Brüsseldə keçiriləcək NATO xarici işlər nazirlərinin görüşündə məlum olacağı güman edilirdi. Yeni baş katiblə bağlı qərar konsensusla qəbul edilir.