Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP28) çərçivəsində Dubayda həmkarları ilə bir sıra görüşlər keçirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyasından bildirib.

Qeyd edilib ki, Ərdoğan Fələstin anklavına humanitar yardımın maneəsiz çatdırılmasına və İsrailin Qəzzada təcavüzkar hərəkətlərinə qarşı qüvvələri birləşdirməyin zəruriliyini bildirib.

Məlumata əlavə edilib ki, Ərdoğan BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşdə İsrailin Qəzzaya hücumlarının yenidən başlamasını son dərəcə mənfi adlandırıb: "Prezident deyib ki, islam dünyasının İsraili dayandırmaq üçün birlik içində hərəkət etməsi lazımdır. İsrailin Qəzzaya hücumlarının yenidən başlamasını çox mənfi hal adlandıran prezident Ərdoğan Türkiyənin həm daimi atəşkəs, həm də Qəzzaya humanitar yardımların çatdırılmasını təmin etməkdə qərarlı olduğunu qeyd edib".

Yaponiyanın baş naziri Fumio Kişida ilə söhbətində Türkiyə lideri humanitar yardımın anklava tez və maneəsiz çatdırılmasının tərəfdarı olduğunu bildirib: "Prezident humanitar yardımın Qəzzaya mümkün qədər tez çatması lazım olduğunu, beynəlxalq hüquq əsasında İsrailin dayandırılmasının vacib olduğunu və BMT Baş Assambleyasında Qəzza ilə bağlı qətnamənin qəbul edilməsinin vacib olduğunu söyləyib".

Daha əvvəl konfransda çıxış edən Ərdoğan bildirib ki, Türkiyə Qəzzadakı böhranın həllində istənilən məsuliyyəti öz üzərinə götürməyə hazırdır. O, həmçinin Fələstin probleminin iki dövlətli həll əsasında həllini dəstəklədiyini bir daha bəyan edib.