Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qəzza zolağındakı böhranın sülh yolu ilə həllinə həsr olunacaq fövqəladə sammitində iştirak edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

Administrasiya Türkiyə prezidentinin tədbirdə çıxış edəcəyini və İƏT-ə üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcəyini qeyd edib.

"Prezident Ərdoğan İsrailin Qəzzaya təcavüzü problemini müzakirə etmək üçün çağırılan İƏT-in 8-ci fövqəladə sammitində iştirak etmək üçün noyabrın 11-də Ər-Riyada səfər edəcək. Prezident Ərdoğan sammitdə çıxış edəcək. İştirakçılar ilə ikitərəfli görüşlər də planlaşdırılır", - məlumatda deyilir.

Ərdoğan daha əvvəl jurnalistlərə bildirib ki, İƏT sammitinin əsas gündəliyi İsrail və Fələstin arasındakı münaqişənin sülh yolu ilə həlli və onun əsası kimi tezliklə atəşkəsin əldə olunması olacaq.