"Qiymət artımı və mənzil qıtlığı təxminən sentyabrın sonunadək davam edəcək".

Məlumdur ki, cəmiyyətin aktual məsələlərindən biri də mənzillə bağlıdır. Xüsusən də yeni tədris ili ərəfəsində daşınmaz əmlak bazarındakı problemlər daha çox üzə çıxır. Müşahidələrə görə, vətəndaşın ən çox üzləşdiyi problemlər kirayə evlərin qiyməti və bəzi işbazlar tərəfindən aldadılması ilə bağlıdır. 

Bu problemlərlə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev İqtisadiyyat.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Uzun müddətdir ki, əksər vətəndaşlar onlayn elan saytlarında fırıldaqçı şəxslərin çoxluğundan narazılıq edirlər. Vətəndaş aldadılmamaq üçün nə etməlidir?

- Düzdür, internet üzərindən ev elanları paylaşan fırıldaqçı şəxslər yalan vədlərlə vətəndaşları aldadırlar və bu hal getdikcə daha çox artıb. Həmin şəxslər vətəndaşa “evə müştəri çıxıb, beh göndər, saxlayım” deyirlər. Bu minvalla vətəndaş da beh göndərir, bəzi hallarda isə evin pulunu tam şəkildə ödəyirlər. Daha sonra isə nömrəyə zəng çatmır. Bu problem təkcə bina və kirayə evlərinə aid deyil, hətta bağ evləri ilə bağlı da bu cür hallar yaşanır. Ona görə də yaxşı olar ki, vətəndaşlar ev seçərkən rəsmi şirkətlərə müraciət etsinlər. Əgər vətəndaş aldadılarsa, bu halda aidiyyəti qurumlara müraciət edə bilər. Bütün hallarda beh və ya evin pulunun tam şəkildə onlayn şəkildə ödənməsini məsləhət görmürəm. Vətəndaş evi əyani formada görəndən sonra ödəniş etməlidir. 

- Əvvəlki dövrlə müqayisədə son illər kirayə mənzillərin qiymətində bahalaşma müşahidə olunur. Bunun səbəb nədir?

- Hər il ortalama hesabla kirayə bazarında 10 faizdən çox bahalaşma olur. Kirayə qiymətlərinin artımının əsas səbəbi ev qiymətlərinin bahalaşmasıdır. Çünki kirayə qiyməti əmlakın satış dəyərinin 0.5 faizi ilə hesablanır. Məsələn, bir mənzilin satış dəyəri 100 min manatdırsa, onun kirayə qiyməti aylıq 500 manatdan hesablanır.

 

 

- Elnur bəy, hansı evlərə tələbat daha çoxdur?

- Əslində 3, 4 və 5 mərtəbəli köhnə binalar ipoteka krediti ilə satılmadığına görə onlara tələbat elə də ciddi deyil. Köhnə binada olan evləri yalnız kommersiya marağı olan şəxslər alırlar. Ona görə də köhnə binalarda qiymət artımının başlıca səbəbi investisiya qoyuluşu ilə bağlıdır. Belə ki, söküntü zamanı sözügedən binalardan yüksək gəlir əldə etmək mümkündür. Hansı ki, köhnə mənzil yeni mənzillə əvəz olunduqda satış qiymətinda bir neçə dəfə artım olur. Yəni yeni mənzili daha baha qiymətə satmağa imkanı yaranır. 

- Kirayə mənzil bazarında qiymət artımı gözlənilirmi?

 - Avqust ayının sonuna yaxın paytaxta axın edənlərin sayı artacaq. Bu baxımdan hazırda hökm sürən durğunluq avqustun sonlarından canlanma və qiymət artımı ilə müşahidə olunacaq. Bununla yanaşı, evlərə olan tələbat kəskin şəkildə artacaq. Qiymət artımı və mənzil qıtlığı təxminən sentyabrın sonunadək davam edəcək. Oktyabr-noyabr aylarına doğru əmlak bazarında təxminən 5-10 % artımlar müşahidə oluna bilər. Bu, ayrılacaq növbəti kreditlərlə bağlı olacaq.

Gülşən Şərif