Gələn ilin büdcəsinə əsasən, orta aylıq əməkhaqqının cari ilin sonuna 930 manat olacağı proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 11 faiz artırılmasını təmin etməyə imkan yaradacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev parlamentin 2024-cü ilin dövlət büdcəsi ilə bağlı parlamentdə keçirilən plenar iclasda bildirib.

M.Quliyev diqqətə çatdırıb ki, növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq - 516 manata çatması proqnozlaşdırılır. Onun sözlərinə görə, əlilliyə görə pensiyanın orta aylıq məbləği isə cari ilin sonuna gözlənilən 367 manatdan 410 manata yüksələcək.

“Ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq 454 manata yüksəlməsi proqnozlaşdırılır.

2024-cü ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 181,6 milyon manat vəsait nəzərdə tutulub. Bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 6,6 faiz, yaxud 11,2 milyon manat çoxdur”, - deyə Musa Quliyev bildirib.