"Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və Konstitusiya quruluşunun tam bərqərarı prosesi Qarabağın erməni sakinlərinin qarşısında son seçim zərurəti yaradır. Ya Azərbaycan ərazisini tərk edirlər, yaxud da Azərbaycan vətəndaşlığını qəbul etməyə razılıq verirlər".

İqtisadiyyat.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

"Prezident İlham Əliyev onlara tam təminat verir ki, Azərbaycan mərkəzi hakimiyyətinin birbaşa yurisdiksiyasına keçməklə təhlükəsiz həyat, iş, çörək, firavanlıq əldə edə bilərlər. Erməni sakinlər anlamalıdırlar ki, avantürist rəhbərləri və Ermənistana bağlılıq onlara ancaq fəlakət, problem gətirir. Dövlət başçımızın reinteqrasiya ilə bağlı çağırışı onların xilası olacaq. Antiterror tədbirlərindən cəmi iki gün sonra Azərbaycanın humanitar yük karvanlarının, zəruri qida və yanacaq vasitələrinin erməni sakinlərinə çatdırılması və bu prosesin davam etməsi Prezidentimizin bu məsələdə tutduğu prinsipial mövqeyi aydın göstərir. Qarabağın erməni sakinlərinin nicatı yalnız Azərbaycanda və Prezident İlham Əliyevdədir", - E.Əzizov qeyd edib.