İsrail və HƏMAS hərəkatı arasında vasitəçilik edən Qahirədəki danışıq iştirakçıları münaqişə tərəflərinə Qəzza zolağında üç mərhələdə həyata keçirilməli olan atəşkəs üçün yeni təklif təqdim ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, vasitəçilərin təklifi ilk mərhələdə HƏMAS-ın Qəzza zolağında saxladığı 40 israilli girovu azad edəcəyini, o cümlədən 100-ü ömürlük həbs cəzasına məhkum edilmiş 900 fələstinli məhbusun azad edilməsini nəzərdə tutur.

Mümkün razılaşmanın digər parametrləri arasında məcburi köçkün mülki əhalinin anklavın şimal hissəsinə qayıtması və gündə 500 yük maşınının humanitar yardımla keçməsi göstərilib. Bundan əlavə, vasitəçilər anklavın şimal və cənub hissələrini birləşdirən Qəzzanın iki əsas magistralının ətrafında təhlükəsiz zona yaradılmasını təklif ediblər. Yeni təklif İsrail qüvvələrinin bu yollardan 500 metr məsafədə yerləşdirilməsini nəzərdə tutur ki, bu da köçkünlərin Qəzza zolağının şimalına qayıtmasına imkan verəcək.