Bu il dünyada ən azı 183 regional münaqişə baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında deyilir.

Məlumata görə, bu da son 30 ilin ən yüksək göstəricisidir.

Tədqiqatçılar Çin və Tayvan arasında münaqişə riskinə, eləcə də Yaxın Şərqdə müharibənin genişlənməsi risklərinə diqqət çəkirlər.

Bildirilib ki, dünyada çoxlu sərhəd toqquşmaları baş verir. Rusiya-Ukrayna münaqişəsi davam edir, Azərbaycan Qarabağ ərazisi üzərində nəzarəti geri qaytarıb, Rusiya ilə Gürcüstan arasında gərginlik qalmaqdadır, Əlcəzair və Mərakeş arasında münasibətlər müasir dövrdə heç vaxt olmadığı qədər pisdir. Bundan əlavə, Pakistanda daxili terrorizm daha da pisləşib, həmçinin Hindistanla münasibətlər təhlükəli nöqtəyə çatıb.

Ötən illə müqayisədə münaqişələrin qurbanlarının sayı 14%, zorakılıq hallarının sayı isə 28% artıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, dünyada yerli və ya regional üstünlük təşkil edən 459 silahlı qrup var. Onlar 195 milyon insana tam və ya qismən nəzarət edirlər. Münaqişə tərəfləri arasında fikir ayrılıqları isə iqlim böhranı ilə daha da kəskinləşir.

 

Gözəl Həşimova