2020-ci ildə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlanıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında məlumat verilib.

Siyahıda təqdim edilən dövlət müəssisələri ötən il ərzində ölkəyə 461,5 milyon ABŞ dolları həcmində gəlir gətirib.

Siyahıya 149,6 milyon dollar ixrac həcmi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.

Daha sonra bu siyahıda 109,7 milyon dollar ixrac həcmi ilə “Azergold” QSC, 98 milyon dollar ixrac həcmi ilə “Azəralüminium” MMC, 59 milyon dollar ixrac həcmi ilə “Azərenerji” ASC, 32,5 milyon dollar ixrac həcmi ilə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC gəlir.

Eləcə də, müvafiq dövr ərzində “Azərbaycan Hava Yolları” QSC (AZAL) 8,6 milyon dollar, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC 1,4 milyon dollar, “Azəripək” MMC isə 1,1 milyon dollar həcmində məhsul ixracı həyata keçirib.