"Birləşmiş Ştatlar Azərbaycana hərbi və digər yardımları dayandırdı, bəzi yüksək səviyyəli səfərləri ləğv etdi və Vaşinqton Bakıya Ermənistanla sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ikitərəfli münasibətlərin normallaşmayacağına işarə etdi". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Brayen məlumat verib.

"Biz açıq şəkildə bildirdik ki, 19 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş görməyincə Azərbaycanla heç bir şey normal olmayacaq. Buna görə də biz bir sıra yüksək səviyyəli səfərləri ləğv etdik, Bakının hərəkətlərini pislədik və biz vəziyyətin həqiqətən yaxşılaşmasını görənə qədər yardım ayrılması şərtlərindən imtina barədə bildiriş təqdim etməyi düşünürük", - diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.

"Biz dəfələrlə işarə etmişik ki, Ermənistana güc tətbiqi tamamilə qəbuledilməzdir", - Brayen qeyd edib. 

O, etiraf edib ki, Azərbaycan belə planların olmadığı barədə ABŞ-yə bildirib: "Bakı bizi əmin etdi ki, onların belə bir niyyəti yoxdur. Biz qoşunların hərəkətini və onların başqa planlarının ola biləcəyinə dair hər hansı əlaməti çox diqqətlə izləyirik. Qeyd etdiyim kimi, biz onlara dedik ki, geri qayıtmaq şansı yoxdur. Həmişə olduğu kimi, sülh sazişi bağlanmamış qalır".