"Azərbaycanda dedollarizasiya prosesi valyuta ehtiyatlarının artmasına səbəb olan amillərdən biridir".

"Finans.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Elman Sadıqov deyib. Ekspertin sözlərinə görə, əhalinin yığımlarında, eləcə də depozitlərdə manatla olan əməliyyatların həcmi artır, neft də poqnozlaşdırılan qiymət ətrafındadır: "Nə ticarət balansında, nə də tədiyyə balansında kəsir var, əksinə, profisit yaranıb. Yəni ölkəyə gələn dollar daha çoxdur. Hazırda hərraclarda təklif olunan dollar tələbdən çoxdur. Əgər hərraclar zamanı təklif tələbdən çox olarsa, dolların kursunun aşağı düşməməsi üçün Mərkəzi Bank intervensiya edib artıq qalan dolları alır. Bu zaman Mərkəzi Bankın valyuta ehtiyatları artır. Devalvasiya zamanı Mərkəzi Bankın valyuta ehtiyatları azalmışdı. Çünki ölkədə dollara qarşı kəskin tələb var idi, təklif az idi. Mərkəzi Bank əks proses həyata keçirirdi, məcburən qalan dollar tələbini öz valyuta ehtiyatlarını satmaqla ödəyirdi”.